Elçin Behbudov: «Mənə apardığım araşdırmalara görə qəsd edə bilərlər»
Dünən «Yeni Müsavat» qəzeti hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun maşınından 50 min manat pul aparılması barədə məlumat yayıb.
Xəbərdə bildirilir ki, E.Behbudov hadisədən şok keçirərək ağır vəziyyətə düşüb. Qəzet hadisəni təsvir edərək, maşının şüşəsinin sındırıldığını, gizli yerdən 50 min manat pulun götürüldüyünü yazmaqla yanaşı, oğruların kifayət qədər məlumatlı olduğunu qeyd edib.
Dünən Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, iyulun 14-də Elçin Tofiq oğlu Behbudovun Yasamal rayonu ərazisindəki Ə.Hüseynzadə küçəsində saxlanılan «Tofaş» markalı maşınının şüşəsi sındırılıb və orada olan 30 min manat oğurlanıb. Məlumata görə, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Hüquq müdafiəçisi isə qəzetimizə açıqlamasında faktı təsdiqləməklə bərabər, «Yeni Müsavat» qəzetindən şikayətləndi. E.Behbudov bildirdi ki, onun pis hala düşməsi barədə qəzetin məlumat yayması doğru deyil. «Mən bilmirəm, bu jurnalistlərə neynəmişəm. Oğurlanan pulun miqdarını şişirdib 50 min manat kimi göstəriblər. «Yeni Müsavat»ın ən pis günlərində onların yanında olmuşam».
Hüquq müdafiəçisi bildirdi ki, qəzetin dərhal pulun mənbəyini araşdırmaq həvəsinə düşməsi də ona qaranlıq qalır. «Pulu qızımın çehici üçün toplamışdım. Həmin gün həyat yoldaşımla birgə çehiz almağa gedəcəkdik. Nanəciblər məni addım-addım güdüb, pulu hara qoyduğumu öyrənib sonra bu addımı atıblar».
Komitə sədri məsələ ilə bağlı hadisə olan gün-yəni iylun 14-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini söylədi. «Bu günə qədər heç bir iş görməyiblər. Amma özlərinin bir şeyi itən kimi dərhal tapırlar. Neyə belə edirlər bilmirəm»-deyə Elçin Behbudov polisdən narazılığını ifadə etdi.
Hadisənin kim tərəfindən törədilməsi ilə bağlı ehtimalına gəlincə, Elçin Behbudov bəzi şeylərin ona məlum olduğunu söylədi. O, «ola bilərmi ki, bu hadisə sizin fəaliyyətiniz, araşdırmalarınzla bağlı olub» sualına «mümkündür, hər şey ola bilər» cavabını verdi. Eyni zamanda, olayın səbəbini araşdırarkən əsasən bu versiyanın üstündə durduğunu vurğuladı.
"Bizim Yol" qəzeti

