“İRƏLİ”nin aksiyası davam edir
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə başlanan “İlhamla İRƏLİ” aksiyası günbəgün öz əhatə dairəsini genişləndirməkdədir. Bu barədə məlumat "Bizim söz"ə hərəkatdan daxil olub.
Xəbərə görə, artıq Aksiyaya qoşulanların sayı 10 000 nəfəri keçmişdir. Azərbaycanda öz fərqliliyi ilə keçirilən bu Aksiya ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin getdikcə daha da yüksək templə müşahidə olunan inkişafına bir nömrəli vətəndaş dəstəyidir.
Ölkəmizin beynəlxalq aləmdə getdikcə güclənən nüfuzu, regionda Azərbaycanın birbaşa təşəbbüskarlığı və rəhbərliyi ilə bir çox iri miqyaslı layihələrin reallaşdırılması, bunun nəticəsində ölkə gəlirlərinin getdikcə artması, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən Dövlət Proqramlarından bəhrələnən insanlar bütün bu işlərin reallaşmasına rəhbərlik edən ölkə prezidenti İlham Əliyevi dəstəklədiklərini bəyan edərək, “İlhamla İRƏLİ” deyirlər.
“İlhamla İRƏLİ” Aksiyası artıq səkkizinci aydır ki, davam edir. Aksiyanın təşkilat komitəsinin bölgələrə səfərləri artıq intensiv xarakter almışdır. Bu dəfə təşkilat komitəsinin üzvləri Azərbaycanımızın Şimal-Qərb bölgəsinə səfər etdilər. Səfər zamanı həm yol üstündə qarşılaşdıqları insanlarla, həm də Gəncə, Tovuz, Qazax, Ağstafa, Yevlax, Göyçay, Şəmkir, Bərdədə vətəndaşlarla görüşlər keçirilmişdir.
Təşkilat komitəsinin üzvləri yerli əhali ilə, xüsusilə gənclərlə görüşmüş, onlara “İlhamla İRƏLİ” Aksiyası barədə geniş məlumat vermiş, həmçinin onları maraqlandıran sualları cavablandırmışlar.
Görüşlərdə təşkilat komitəsinin üzvləri qısa müddət ərzində aksiyada ölkənin minlərlə gəncinin iştirak etdiyini vurğulamış, dövlət başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu sahədə qəbul edilmiş dövlət proqramlarının, imzalanmış sərəncamların gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğulamışlar. Son dövrlərdə əhalinin güzəranın yaxşılaşdırılması məqsədilə həyata keçirilən Dövlət Proqramlarının, bununla yanaşı, həm paytaxtda, həm də bölgələrdə həyata keçirilən yenidənqurma və abadlıq işlərinin əhəmiyyətindən danışan təşkilat komitəsinin üzvləri görülən bütün işlərin ölkə prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında yerinə yetirildiyini bir daha görüş iştirakçılarının diqqətinə çatdırmışlar.
Prezident İlham Əliyevin özünün də mütəmadi olaraq bölgələrə səfər etdiyini xatırladan təşkilat komitəsinin üzvləri bunların heç də təsadüfi olmadığını bildirmişlər. Çünki prezident seçkiləri zamanı İlham Əliyev çıxışlarının birində hamının prezidenti olacağı barədə ifadə işlətmişdi. Ötən 5 ilə yaxın müddət göstərir ki, İlham Əliyev dediyi bütün sözlərin, verdiyi bütün vədlərin reallaşması üçün maksimum çalışır və buna nail olur.
Görüşlər zamanı təşkilat komitəsinin üzvləri vətəndaşları, xüsusilə gəncləri bu aksiya vasitəsilə Prezident İlham Əliyevin Azərbaycan üçün həyata keçirdiyi fəaliyyəti dəstəkləməyə, bu inkişafın daşıyıcısı olmağa dəvət etmişlər. Bildirmişlər ki, bu aksiya vasitəsilə biz cəmiyyətin hər bir üzvündə vətəndaşlıq şüurunun formalaşmasına, insanların demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirakına təkan verəcəyik. Bununla da hər bir cəmiyyət üzvü vətəndaş olduğunu hiss edərək, “VƏTƏN üçün nə edə bilərəm?” sualına cavab axtaracaq.
Görüşlərdə vətəndaşlara Aksiyanın “İlhamla İRƏLİ” adlı internet saytı haqqında da ətraflı məlumat verilmişdir.
